Xəbər kateqoriyası: Cəmiyyət

3-07-2013, 19:35

Qiyabi təhsil: lazımdır, yoxsa yox?




  • Нравится

  • Нравится


Şahlar Əsgərov: “Əgər istəyiriksə, təhsil düzəlsin, təhsili düzəldən subyekt – müəllim haqda düşünməliyik”.

Müəllimlərin işə qəbulu ilə bağlı təhsil nazirinin yeni əmri pedaqoji sahəni özünə ixtisas seçənlərin qarşısında mühüm şərtlər qoyub. Belə ki, qaydalarda bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim kimi sinfə daxil olmasına icazə verilmir. Bu pillə üzrə təhsilini qiyabi oxuyub başa vuran məzunlar istisna olmaqla, hazırda bakalavriat üzrə qiyabi təhsil alan 3-4-cü kurs tələbələri müəllim işləyə bilməyəcəklər.

Qiyabi təhsil alan tələbələrin müəllim kimi fəaliyyəti, ümumiyyətlə qiyabi təhsilin özünün nöqsanlı tərəfləri ilə bağlı pedaqoqların, o cümlədən ekspertlərin fikirləri əksərən üst-üstə düşür.

Ciddi nöqsanlar

Professor Şahlar Əsgərovun fikrincə, təhsil nazirinin yeni qərarı müsbət dəyişiklik yaradacaq: “Təhsili qaydaya salan subyekt müəllimdir. Əgər istəyiriksə təhsil düzəlsin, təhsili düzəldən subyekt haqda düşünməliyik. Ona görə də müəllim seçimində şərtləri ağırlaşdırmağa ehtiyac var. Hər kəsi sinfə buraxmaq olmaz. Fikrimcə, müəllimlərlə bağlı bütün informasiya nazirliyin əlində var. Onlar müəllim kontingenti arasında vəziyyətin necə olduğunu gözəl bilirlər. Əgər qiyabi təhsil alan tələbələr sinfə buraxılmayacaqsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir edəcək. Bu qərarı yalnız müdafiə etmək lazımdır. Gəlin, biz müəllim kütləsinin qüvvətli hissəsini müdafiə edək!» Ekspertin fikrincə, qiyabi təhsil alanlar tədricən öz təhsillərini artırmalıdırlar: «Yeni qərar heç bir tələbəyə təhsilinin həmin pillədə qalmasına qadağa qoymur. Qoy tələbə bakalavr pilləsini bitirsin, magistraturaya daxil olsun. Bu qərar daha yaxşı müəllim yetişdirməkdən ötrü tələbatı artırır». Ş.Əsgərov hesab edir ki, təhsillə bağlı bəzi məsələlərdə dünya praktikası ilə müqayisə yaratmağın əhəmiyyəti yoxdur: «Bizim istiqamətimiz ayrı olmalıdır. Bizim Qarabağ problemimiz, qaçqınlarımız, köçkünlərimiz, dağılmış məktəblərimiz var. Belə dünya praktikası olmayıb axı. Bu baxımdan bu məsələləri dünya praktikası ilə müqayisə etmək doğru deyil».

XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev hesab edir ki, qiyabi təhsil forması sovet dövründən qalma təhsil formasıdır. Belə ki, həmin dövrdə axşam, qiyabi və əyani təhsil formaları olub. Sonradan axşam təhsili ləğv olunsa da, əyani təhsil əsas təhsil sayılıb. Qiyabi təhsil isə sovet dövründə olduğu qayda ilə davam edir. Məsələn, sessiya müddətlərində tələbələr neçə gün dərsə gəlməlidirlər, imtahan hansı qaydalarla verilir və s. “Qiyabi təhsil indiki dövrdə özünü doğrultmur. Çox ölkələrdə artıq distant (məsafədən təhsil) təhsilə keçilib. Baxmayaraq ki, bizdə bu proses getməyib. Bizdə böyük ali məktəblərin İKT təminatına ehtiyac var. Həmçinin regionlarda sürətli internet vasitəsilə tələbə-müəllim əlaqələrinin qurulması problem kimi qalır. Ona görə də qiyabi təhsilin təkmilləşdirilməsi üçün ideyalar da mövcud deyil. Qiyabi təhsil artıq öz dövrünü başa çatdırıb. Əvvəlki qərar pedaqoji ixtisaslar üzrə təhsil alan 3-4-cü kurs tələbələrinə pedaqoji fəaliyyətlə məşğul olmağa icazə verirdi. Bu, çox ciddi nöqsan idi. Yəni kursun 60-70 faizini keçən tələbələr sinif otağına müəllim kimi daxil olurdular. Hamı bilir ki, qiyabi sessiyalar necə yola verilir. Ümumiyyətlə, qiyabi təhsilin necə keçdiyini hamı gözəl bilir. Yəni kursun 60-70 faizini keçənləri müəllim qismində sinif otağına buraxmaq çox ciddi nöqsanlardan xəbər verirdi”. Ekspertin fikrincə, 3-4-cü kurs tələbələrindən keyfiyyətli iş gözləmək lazım deyil. Əsas məsələ isə bundan sonrakı mərhələdə hansı addımların atılmasıdır. Belə ki, qiyabi təhsilin indiki vəziyyətdə qalıb-qalmaması müzakirə olunmalıdır. Bu, ya distant təhsillə əvəz olunmalı, ya da öz dövrünü başa çatdırmalıdır: “Artıq ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə və Müəllimlər İnstitutunda xeyli pedaqoji kadrlar hazırlanır. Qiyabi təhsilin də indiki şəraitdə mövcud olması şübhəsiz ki, yolverilməzdir və başqa məqsədlərə xidmət edir».

E.Əliyev hesab edir ki, qiyabi bakalavr təhsili alan tələbələr müəllim hüququ qazanmaq üçün təhsillərini davam etdirməli, kursu tam bitirməlidirlər. Belə ki, qiyabi təhsil əyani təhsildən bir il artıq vaxt tələb edir. Bakalavr pilləsi qiyabi təhsil üçün beşillik, əyani təhsil üçün dördillikdir: “Heç şübhəsiz, bu formada qalacaqsa, qiyabi təhsilin dəqiq şəkildə monitorinqi aparılmalıdır. Yəni tələbələr həqiqətən sessiyalarda iştirak edirmi, onlar verilən tapşırıqları yerinə yetirirmi, imtahanlar formal, yoxsa qeyri-formal şəkildə aparılır? Monitorinqlər əsasında bu sistemin yaşayıb-yaşamayacağı haqqında qərar verməlidir. Ola bilər ki, kimsə ailə qurur, kiminsə gəlib-getmək imkanı yoxdur, ancaq təhsilini qiyabi formada davam etdirir, bununla belə, bu təhsilin zərərli cəhətləri daha böyükdür”. Ekspertin fikrincə, müəllimlərin məsuliyyətinin artırılması üçün onlara sertifikat verilməsinə ehtiyac var: “Buna görə də onları hansı biliklə auditoriyaya buraxmaq barədə məsuliyyət olmalıdır. Ümumiyyətlə, sessiya vaxtı gəlib müəyyən yollarla qiymətlərini yazdırmaqla müəllim olmaq olmaz».

Ekspert hesab edir ki, indiyə qədər qiyabi təhsilini davam etdirən, ancaq sinfə müəllim kimi daxil olan tələbələrin keçdiyi dərslərin səviyyəsi barədə monitorinq aparılmayıb: “Ümumiyyətlə, müstəqillik dövrünə qədəm qoyulduqdan sonra bütün müəllimlərin attestasiyası keçirilməli idi. Ancaq bilmirəm hansı səbəblərdən bunun qarşısı alınıb. İndiyə qədər attestasiya keçirilməyib. Attestasiya həm qiyabi təhsil alan, həm də əyani təhsilini başa vuran müəllimlər üçün keçirilməli idi. İbtidai təhsil pilləsində olan müəllimlərin 70 faizə qədəri texnikum diplomu ilə dərs verir. Attestasiya prosesi keçirilsə, bəlkə növbədə olan Bakı Dövlət Universitetinin hansısa bir məzunu onu əvəz edə biləcək. Ancaq attestasiya keçirilmədiyi üçün qeyri-müəyyənlik yaranır”. Ekspertin fikrincə, qiyabi təhsilin, kollec və texnikum məzunlarının verdiyi dərsin keyfiyyəti qiymətləndirilməlidir. “Əsl müəllim kimdir? Bu suala cavab axtarılır. Bu suala cavab tapılandan sonra müəllimin əməkhaqqı məsələsinə baxılmalıdır. Müəyyən kriteriyalar vasitəsilə təyin etmək lazımdır ki, əsl müəllim kim olmalı, hansı keyfiyyətlər daşımalı, ondan sonra əməkhaqqı məsələsinə baxmaqla təhsil keyfiyyətində xeyli irəliləyişə nail olmaq mümkündür».

Distant təhsilin üstünlüklərindən danışan ekspert qeyd edib ki, bunun üçün ilk növbədə distant təhsil mədəniyyəti formalaşmalıdır. Belə ki, Qərbdə bu təhsil forması 60-70-ci illərdən tətbiq olunur: “Konkret olaraq bu təhsil qaydasına görə müəllim və tələbə öz yaşadığı yeri tərk eləmir. Müəllim tələbə üçün kursun materiallarını göndərir. Birbaşa müəllimlə tələbə arasında skype və elektron poçt vasitəsilə dialoq baş verir. Bu şəkildə qiymətləndirilmə prosesi aparılır. Bu da bizdə çoxlu maliyyə vəsaiti tələb edən məsələdir. Çünki müəllim və tələbə ilk növbədə distant təhsil prosedurunu bilməlidir, orada şəffaflıq olmalıdır. İnternet vasitəsilə ünsiyyət, həmçinin tələbənin biliyinin canlı nümayişinə imkan yaradır. Bizdə isə hələlik bu prosedurun elementləri tətbiq olunmayıb».

Biz nə edirik?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, qiyabi şöbələrin bağlanmasının artıq zamanı çatıb: «Artıq bir neçə ildir məzunlar orta məktəblərə xüsusi müsabiqə yolu ilə təyinat alırlar. Bu, təkcə əyani fakültəni bitirmiş məzunlar üçün deyil, eyni zamanda, qiyabi məzunlara da şamil edilir. Bakalavr təhsilli qiyabiçilərə heç bir məhdudiyyət qoyulmur. Onlar da təhsili əyani bitirmiş məzunlarla eyni səviyyədə güzəştlərlə müsabiqədən keçirlər. Qiyabiçilər imtahansız məktəblərə göndərilir və dərs alırlar, ancaq əyani bitirənlər yox». AMB sədri hesab edir ki, qiyabi təhsil distant təhsil kimidir: «Qiyabi təhsil almaq çox çətindir. Gündəlik metodiki vəsaitlərdən istifadə lazımdır. Burda tələbə öz üzərində işləməklə təhsil alır. Hər kəsin ildə bir-iki dəfə müəllimlə görüşərək və özü-öz üzərində işləməklə təhsil alması çox çətindir. Bizim yetərincə pedaqoji kadr yetişdirən ali məktəblərimiz var. Bu, müəllimə olan bugünkü tələbatı ödəyir. Bu baxımdan, qiyabi təhsilin mövcudluğuna əsas da yoxdur. Digər tərəfdən, qiyabi bitirənlər də müsabiqə əsasında məktəblərə təyinat alırlar. Qiyabi təhsil bazarın ehtiyacı olan ixtisaslar üzrə aparılsa, daha faydalı olar, nəinki pedaqoji sahə üzrə».

Respublikanın əməkdar müəllimi Almaz Həsrət nazirin qərarını çoxdan dəstəklədiyini bildirib: “Əyanidə oxuyanların özləri ilboyu dərsə getsə də, aralarında tam proqramı mənimsəməyən tələbələr olur. Qiyabi təhsil alanlarda bu, ümumiyyətlə yuxarı faiz göstəricidir. Yəni əyanidə oxuyanlar gündəlik dərsə gəlir, imtahanlarını ödəyirdisə də, yenə haradasa onların zəifliyi göz önündə olurdu. Amma qiyabi gələnlərin fikrində yalnız iş olur. Onların elmlə, pedaqogika və metodika ilə məşğul olmağa vaxtları olmur”. Rusiya, Ukrayna, Latviya və Litva kimi ölkələrdə pedaqoji kadrların hazırlığından misal gətirən A.Həsrətin sözlərinə görə, həmin ölkələrdə pedaqoji institutların məzunları ilk ildən müəllim işləmirlər. Belə ki, yeni gələnlər iki və ya üçillik müqavilə imzalayır və təcrübəli müəllimin yanında köməkçi kimi çalışırlar: “O, dərsin gedişatını izləyir, sinfin içində olur, şagirdlərlə təmas qurur, daim kurslara gedir, təkmilləşir. Püxtələşmiş müəllim olduqdan sonra lisenziyalaşmış sertifikat əldə edir. Biz nə edirik? Təhsil ala-ala, hətta bakalavr təhsilli və kollecdə təhsil alanlar müəllim işləyirlər. 20-30 il işləyən müəllimlə yanaşı onlar da müəllim kimi çalışırlar. Baxmayaraq ki, hələ nə metodika yüksək səviyyədədir, nə də bilikləri. 9-cu sinfi qurtarıb kollecə daxil olanlar da bir ildən sonra müəllim işləyirlər. O da, təcrübəli müəllim də eyni maaşı alır, saat bölgüsü də eynidir. Bu da müəllimlərin arasında xaos yaradır və onları ruhdan salır”.

A.Həsrət hesab edir ki, nəinki pedaqoji sahə üzrə qiyabi təhsil alan tələbələrin, hətta əyani kursları bitirənlərin də dərhal şagirdlərin qarşısına çıxması düzgün deyil: “Оnların metodikası hələ zəifdir. Çünki orta məktəbdən çıxıb birbaşa ali təhsil almağa yollanırlar. Onlara ilk növbədə təcrübə lazımdır”.

Kaspi.az

Mod.Az

Şərh: 0

Dosta tövsiyə

Reklam